DAXİLİ QOŞUNLARIN FƏALİYYƏTİ İLƏ BAĞLI ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, yola salmağa hazırlaşdığımız il taleyüklü hadisələrlə, dövlətçiliyimizin və müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sosial-iqtisadi, eləcə də cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində qazanılan uğurlarla əlamətdar olmuşdur.
Görünməmiş vətəndaş fəallığı şəraitində keçən prezident seçkiləri və onun nəticələri xalqımızın demokratik prinsiplərə sadiqliyini, qüdrətli dövlət xadimi Heydər Əliyevin sabitlik və inkişaf siyasəti kursunun yekdilliklə dəstəklənməsini bir daha nümayiş etdirmişdir.
Daxili işlər naziri, eyni zamanda, 2003-cü ilin ölkəmiz üçün əvəzsiz itki – bütün dünya azərbaycanlılarının, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşması ili kimi də yaddaşlarda kədərli və silinməz bir iz qoyduğunu xatırlatmışdır. Nazir qeyd etmişdir ki, bu gün bizim hamımızın təskinliyi ondadır ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Böyük Öndərin yolu bundan sonra da uğurla davam etdiriləcək, ülvi ideyaları daim rəhbər tutulacaq və layiqli siyasi varisi – dövlətimizin başçısı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçiriləcəkdir.
Əməliyyat müşavirəsinin iştirakçıları daxili işlər nazirinin təklifi ilə Prezident Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etmişlər.
Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-mayor Zakir Həsənov məruzə ilə çıxış etmiş, qoşunların döyüş hazırlığının daha yüksək səviyyəyə gətirilməsi, habelə mövcud planların icrası məqsədi ilə həyata keçirilmiş təşkilati məsələlər barədə ətraflı məlumat vermişdir. Həmçinin qeyd olunmuşdur ki, Ali Baş Komandanın qayğısı sahəsində hərbi hissələrdə şəxsi heyətin kazarma-məişət şəraitinin yaxşılaşdırılması üçün aparılmış təmir-tikinti və bərpa işləri hazırda da davam etdirilməkdədir. General-mayor Zakir Həsənov Daxili Qoşunların döyüş hazırlığının və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olduğunu xüsusi qeyd etmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq Daxili Qoşunlarımızın durmadan inkişaf etdiyini və son illər hərbi quluqçularımızın döyüş hazırlığı səviyyəsinin, səfərbərliyinin qürur hissi doğurduğunu bildirmişdir.
Nazir qeyd etmişdir ki, suveren dövlətimizin təhlükəsizliyinin əsas təminatçılarından biri olan Silahlı Qüvvələrimiz, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident Heydər Əliyevin apardığı geniş və hərtərəfli islahatlar kursu, dövlət intizamının möhkəmləndirilməsi, ordu quruculuğu üzrə gördüyü qətiyyətli tədbirlər nəticəsində, Daxili Qoşunlarda da əsaslı dəyişikliklər baş vermişdir. Bu müsbət proseslər ölkəmizin rəhbərliyinin daim diqqət mərkəzindədir və onların sürətləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri qərarlar qəbul edilir.
General-polkovnik Ramil Usubov ordu quruculuğu işinin Daxili Qoşunlarda həyata keçirilməsində, xüsusilə təlim-təhsil və təchizat məsələlərinin həllində dost və qardaş Türkiyə Respublikasının yardımlarını da minnətdarlıq hissi ilə xatırlatmışdır.
Radikal müxalifətin, pozucu qüvvələrin bu ilin oktyabr ayında paytaxtda törətdiyi iğtişaşların qarşısının alınmasında polis qüvvələri ilə yanaşı, Daxili Qoşunların şəxsi heyətinin də xidməti vəzifə borcunun öhdəsindən layiqincə gəldiyi, qanunçuluğun bərpa olunması məqsədi ilə keçirilən asayişi mühafizə tədbirlərində fərqləndiyi xüsusi qeyd olunmuşdur.
Nazir hər bir şəraitdə mətinliklə və şərəflə xidmət aparan hərbi qulluqçuların, əsgərlərin hamısına dərin təşəkkürünü bildirərək, bütövlükdə 2003-cü ilin yekunlarına görə Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini, şəxsi heyətin peşəkarlığını və xüsusi hazırlığını yüksək qiymətləndirmişdir.
General-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, Azərbaycanın tərəqqisi, xalqımızın sosial-maddi rifahının yüksəldilməsi və xoşbəxt gələcəyi naminə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu, sosial və hüquqi islahatlar kursunun ardıcıl həyata keçirilməsi üçün DİN-in Daxili Qoşunları sabitliyin, əmin-amanlığın və ictimai təhlükəsizliyin təmini sahəsində qüvvə və bacarığını əsirgəməyəcək, bundan sonra da Ali Baş Komandanın bütün əmr və göstərişlərini yerinə yetirməyə hər an hazır olacaqdır.
X X X
Daxili işlər naziri Daxili Qoşunların rəhbərliyinin möhkəmləndirilməsi sahəsində kadr təyinatları aparılması məsələsinə də toxunaraq polkovnik Şirin Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Daxili Qoşunlar komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunmasını da müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.