“DÇ-2022”: Bu gün Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulacaq
Bakı, 16 noyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə noyabrın 16-da yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, X turun sonuncu oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.
Gecənin ən maraqlı oyunları G qrupunda olacaq. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi qəbul edəcək. Bu qrupun digər matçında isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. “Narıncılar”ın dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaları üçün heç-heçə də kifayət edir. Hər ikisinin aktivində 18 xal olan Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.
D qrupunda ikinci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Didye Deşamın yetirmələri mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün ciddi önəm kəsb etmir. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azı uduzmamalıdırlar. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.
Seçmə mərhələnin bütün görüşləri aşağıdakılardır:
D qrupu
Finlandiya - Fransa;
Bosniya və Herseqovina - Ukrayna.
Qrupdakı vəziyyət: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)
E qrupu
Uels - Belçika;
Çexiya - Estoniya.
Qrupdakı vəziyyət: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).
G qrupu
Cəbəllütariq - Latviya;
Monteneqro - Türkiyə;
Niderland - Norveç.
Qrupdakı vəziyyət: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.
Xatırladaq ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları “DÇ-2022”yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.