Dekabr ayının hava icmalı
Bakı, 29 dekabr, AZƏRTAC
Ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslərlə əlaqədar dekabr ayında əsasən tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə hava qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AZƏRTAC-a bildirib ki, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz gün normadan aşağı (4.7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4.4 dərəcəyədək) olub: “Ay ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti olub”.
A.Verdiyev onu da qeyd edib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti, minimal temperatur isə 2016-cı ildə 4.2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 santimetr təşkil edib: “Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-cı ildə isə yanvarın 1-2-də yağıb”.
Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı günlərdə dağlıq ərazilərdə qar yağıb, qar örtüyünün maksimal hündürlüyü dekabrın 4-də İsmayıllıda 18 santimetr olub, havanın minimal temperaturu dekabrın 5-də Şahdağda 17 dərəcəyədək şaxta qeydə alınıb. Son illərdə qar örtüyünün maksimal hündürlüyü 2016-cı ilin dekabr ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərində 60 santimetrə çatıb: “Dekabr ayında Bakıda və Abşeron yarımadasında mülayim cənub küləkləri üstünlük təşkil edib. Lakin ayrı-ayrı vaxtlarda arabir güclənən şimal-qərb küləkləri müşahidə edilib. Şimal-qərb küləyinin maksimal sürəti dekabrın 20-də 32 metr/saniyəyədək güclənib, dalğanın hündürlüyü 4.7 metr təşkil edib. Ümumilikdə sürəti 15 metr/saniyədən çox olan küləkli günlərin sayı isə 5 gün olub”,- deyə Asif Verdiyev qeyd edib.