Dəmir yolu işçiləri 20 Yanvar şəhidlərinin xatirəsini anmışlar
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən cəmiyyətin sədr müavini, baş mühəndis Qurban Nəzirov və başqaları xalqımızın tarixində qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsi haqqında ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız hərəkəti nəticəsində Bakıda 130-dan çox mülki vətəndaş öldürülmüş, xeyli sayda insan yaralanmışdı. Bu faciəli hadisələr zamanı həlak olanlar və yaralananlar arasında dəmiryolçular və onların ailə üzvləri də olmuşdur. Xüsusi vurğulanmışdır ki, 20 Yanvar günü xalqımızın azadlıq uğrunda mübarizəsinin şanlı səhifəsidir. Təpədən-dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Bu səsi ilk dəfə Moskvada xalqımızın böyük oğlu, yenilməz şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyev ucaltdı. Həyatını təhlükə qarşısında qoyaraq ailəsi ilə birlikdə respublikamızın Moskvadakı nümayəndəliyinə gələn ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdi, ifşaedici və cəsarətli bəyanat verdi. 20 Yanvar hadisələrinə əsl -siyasi-hüquqi qiymət ulu öndərimiz hakimiyyətə qayıdandan sonra verilmişdir.