SİYASƏT
Deputat: Azərbaycan-Çin siyasi dialoqu əlaqələrin gücləndirilməsinə yaxşı zəmin yaradır
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Çin Xalq Respublikası ilə bir çox sahələrdə sıx əməkdaşlıq edir. Ən vacib məqamlardan biri isə bundan ibarətdir ki, Azərbaycan və Çin arasında yüksək səciyyəli siyasi dialoq bütün istiqamətlərdə əlaqələrin gücləndirilməsinə yaxşı zəmin yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.
Azərbaycanın “Vahid Çin” siyasətinə bütün platformalarda dəstək verdiyini, Çinin isə ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xatırladan deputat deyib ki, iqtisadi əlaqələrin artım dinamikası, nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr əlaqələrin daha da gücləndirilməsinə imkan verir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ən fəal dəstək verən ölkələrdən biridir. Bu layihə dünyanın iqtisadi və geosiyasi mənzərəsini dəyişməyə qadirdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafı da çox mühüm strateji əhəmiyyətə malikdir.
S.Məmmədov qeyd edib ki, Azərbaycan və Çin arasında münasibətlər hər iki xalqın uzunmüddətli mənafelərinə cavab verir. Ölkəmiz bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək və Çinin “yaşıl enerji”yə keçid təcrübəsi bu baxımdan çox böyük maraq doğurur: “Bildiyiniz kimi, “yaşıl enerji”yə keçid prosesində Azərbaycan bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkətləri ilə əməkdaşlıq edir. Çin bərpaolunan enerji mənbələrinin inkişafında çox böyük uğurlar əldə edib. Bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyada birincidir. Bütün bunlar, Çinin bu sahədə böyük təcrübəyə malik olduğunu göstərir. Azərbaycan “yaşıl enerji”yə keçidi prioritetləri sırasına daxil etmiş və COP29 kimi mötəbər tədbirə evsahibliyi edən ölkə olaraq bu təcrübədən faydalana bilər”.
Deputat qeyd edib ki, iki ölkənin qarşılıqlı əlaqələrinin ümumi inkişaf dinamikası, ötən müddətdə əldə olunmuş uğurlar münasibətlərin gələcəkdə daha da möhkəmləndiriləcəyini söyləməyə əsas verir.