SİYASƏT
Deputat: Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar beynəlxalq hüquqa əsaslanır
![Deputat: Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar beynəlxalq hüquqa əsaslanır](/files/2020/3/1200x630/16027481295963313144_1200x630.jpg)
Bakı, 15 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
İşğalçı Ermənistan Moskvada imzalanan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozdu. Düşmən öz ərazisindən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Gəncəyə raket hücumu nəticəsində çoxsaylı insan tələfatının şahidi olduq. Ermənistan hökumətinin beynəlxalq səviyyədə məsuliyyətsizliyi davam edir və qarşı tərəf güzəştə getmək istəməyərək, ərazilərimizdən çıxmaq niyyətində deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım ifadə edib.
F.Yıldırım bildirib : “Humanitar atəşkəs o məqsədlə əldə olunur ki, həm tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etdi. Onlar ənənələrinə sadiq qalaraq humanitar atəşkəs razılaşmasından dərhal sonra mövqelərimizə hücum etdilər, Gəncə şəhərini isə raket atəşinə tutdular. Bu, bəşəriyyətə və insanlığa açıq şəkildə meydan oxumaqdır, vandalizmdir”.
Azərbaycan Ordusunun ermənilərin bu cinayətini cavabsız qoymadığını və bundan sonra da qoymayacağını deyən deputat vurğulayıb: “Ordumuz doğma torpaqlarımızın işğaldan azad olunması missiyasını davam etdirir. Azərbaycan xalqı haqq işi uğrunda mübarizə aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz”.
Türkiyənin regiondakı rolundan da danışan F.Yıldırım bildirib ki, dövlətimizin başçısı vurğuladığı kimi, Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, bir çox ölkələrdən fərqli olaraq, Türkiyə bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır.
“Tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq. Prezident İlham Əliyev də qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq. İnşallah, həmin gün tezliklə gələcək! Qarabağ Azərbaycandır!”, - deyə Fatma Yıldırım əminliklə bildirib.