SİYASƏT
Deputat: Ermənistan anlamalıdır ki, sülh müqaviləsi üçün konstitusiyasına dəyişiklik etməli, revanşizmə son qoymalıdır
![Deputat: Ermənistan anlamalıdır ki, sülh müqaviləsi üçün konstitusiyasına dəyişiklik etməli, revanşizmə son qoymalıdır](/files/2024/2/1200x630/17177597255831937320_1200x630.jpg)
Bakı, 7 iyun, AZƏRTAC
Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi zəruridir. Prezident İlham Əliyev ötən gün TÜRKPA nümayəndə heyətini qəbul edərkən bu barədə bir daha danışdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı bir neçə məsələnin hələ də açıq qaldığını bildirdi. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Eyni zamanda, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Deputat qeyd edib ki, Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasının olduğunu baş nazir Paşinyan da etiraf edib. O da bildirib ki, Ermənistana yeni Konstitusiya lazımdır. Yeni geosiyasi və regional şərait nəzərə alınaraq yeni ana qanunun hazırlanması vacibdir.
“Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Dövlətimizin başçının da söylədiyi kimi, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər. Məsələ burasındadır ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir”, - deyə K.Nurullayeva bildirib.
Deputat əlavə edib ki, bu gün Ermənistanda sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryan da daxil olmaqla, revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var. Həmin qüvvələr niyyətlərini açıq bəyan edirlər, hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar. Buna görə də həmişə hazır olmalı, təhlükəsizlik tədbirlərini davam etdirməliyik.
“Ermənistan Azərbaycana qarşı həmlələrlə heç bir halda uğur əldə edə bilməz. Belə bir cəhd olarsa, bu, Ermənistan dövlətinin sonu olacaq. Buna görə təminat olmalıdır. Konstitusiya dəyişikliyi məhz bu cür təminat sayıla bilər. Ermənistan anlamalıdır ki, bu dəyişikliklər nə qədər tez olsa, sülh müqaviləsi də bir o qədər tez imzalanar”, - deyə Könül Nurullayeva vurğulayıb.