Deputat: Fransa Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil
Bakı, 14 aprel, AZƏRTAC
Fransa hər zaman təcavüzkar, işğalçı Ermənistanın yanında yer alıb. Məhz Fransa kimi ölkələrin rəsmi İrəvana verdiyi dəstək sayəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğalda saxlayıb. Təcavüzkarla təcavüzə məruz qalan ölkəni ayırd edə bilməyən bir Avropa ölkəsinin - Fransanın davranışları sözsüz ki, onun qaranlıq keçmişindən qaynaqlanır. Heç şübhəsiz, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini, bunun nəticəsində soyqırımlar, etnik təmizləmələr aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu soyqırımı aktı bunun bariz nümunəsidir. Bu mənada Fransa kimi ölkənin ədalətli davranması qeyri-mümkündür. Onun Ermənistana olan sevgisi və bunun fonunda göstərdiyi dəstək də Fransanın əsl mahiyyətinin nədən ibarət olduğunu ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.
S.Hüseynova qeyd edib ki, Fransanın aprelin 11-də Azərbaycan-Ermənistan şərti sərhədində erməni tərəfinin törətdiyi təxribata, necə deyərlər, haqq qazandırmağa çalışması bu mənada xüsusi qeyd edilməlidir. Bu baxımdan Fransanın Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallıqdan tamamilə uzaq yanaşma olmaqla bərabər, riyakarlığın bariz nümunəsidir. Bununla Fransa növbəti dəfə özünün əsl simasını göstərdi.
Deputat deyib ki, Fransa Azərbaycan-Ermənistan münaqişəsi dövründə vasitəçi olduğu müddətdə ikincinin hərbi təcavüzünə və işğalçı siyasətinə düzgün qiymət verməyib. Bu ölkə heç bir halda münaqişənin həllinə çalışmayıb. Əksinə, təcavüzə məruz qalan ölkəyə qarşı ədalətsizlik edib. Eyni zamanda, Azərbaycan özünün beynəlxalq hüquq tərəfindən tanınan və qəbul olunan ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransadan ölkəmizə qarşı riyakar mövqe sərgilənib. Bu baxımdan hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransanın bu bəyanatı da onun növbəti qeyri-ədalətli mövqeyidir.
“Otuz il ərzində Fransa ATƏT-in vasitəçi qismində münaqişənin həlli istiqamətində hər hansı müsbət addım atmayıb. Fransanın bu gün də belə bəyanatlarla çıxış etməsi bir daha göstərir ki, rəsmi Paris Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Əksinə, burada yeni müharibə ocağının alovlanmasına çalışır. Fransa yaxşı olar ki, Cənubi Qafqazdakı məsələlərə qarışmaqdansa yox, öz daxilindəki problemlərlə məşğul olsun. Aylardır bu ölkədə davam edən etiraz aksiyaları, iğtişaşlar, mitinqlərin zorla dağıdılması, etirazçılara qarşı zorakılıq halları baş alıb gedir. Qanlı tarixi keçmişi, müstəmləkəçilik siyasəti, insanlığa qarşı törətdiyi kütləvi hərbi cinayətlər törədən Fransanın Azərbaycanı tənqid etməyə haqqı yoxdur”, - deyə S.Hüseynova vurğulayıb.