ELM VƏ TƏHSİL
DİM-də “GRE General Test” imtahanı keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı “GRE: General Test” imtahanı oktyabrın 12-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 09:00-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
-İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı sağlamlıq haqqında bəyannaməni çap edərək imzalanmış şəkildə gətirməlidir.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçılar bir-birindən lazımi uzaq məsafədə əyləşdiriləcək.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat DİM-in internet səhifəsində verilib.