“Diplomatiya könüllüləri” koronavirusla bağlı tədbirlərə dəstək olaraq sosial şəbəkələrdə maarifləndirici paylaşımlar edir
Bakı, 24 mart, AZƏRTAC
Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVID-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan hökuməti COVID-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır.
COVID-19 infeksiyası ilə mübarizədə hökumətimiz tərəfindən görülən önləyici tədbirlərə dəstək olaraq Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” #DövlətimizBİZimlədir və #EvdəQalÖlkəniQoru həştəqləri ilə dünyanın #stayathomechallange'inə qoşularaq video-çağırışlar hazırlayır, sosial şəbəkələrdə paylaşır və daha çox insanın bu xüsusda məlumatlı olması istiqamətində fəaliyyət aparır.
“Diplomatiya könüllüləri” bütün gəncləri sosial media platformalarında bu həştəqlərdən istifadə edərək, vətəndaşlarımızın harada olmalarından asılı olmayaraq özünütəcrid qaydalarına riayət etmələrini dəstəkləməyə çağırır.