Dmitri Peskov Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolundan danışıb
Moskva, 10 may, AZƏRTAC
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət olub və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə çoxlu işlər görüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi jurnalistlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bildirib.
D.Peskov vurğulayıb: “O, tamamilə qeyri-adi şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyəti bizim bir zamanlar mövcud olmuş ümumi ölkəmizin tarixində, əbədi olaraq müasir Azərbaycanın tarixində və Rusiya-Azərbaycan münasibətlərinin tarixində qalıb”.
Kremlin rəsmisi əlavə edib ki, Rusiyada “azərbaycanlı dostlar ilə birlikdə bu əlamətdar tarixin sevincini” bölüşürlər. Rusiyanın dövlət başçısının mətbuat katibi deyib: “Əlbəttə, biz Heydər Əliyevin yuxarıda qeyd olunan bütün məsələlərdə rolunu xatirəmizdə yaşadırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva