Dördüncü sinifdə qızların oxu nəticələri oğlanlardan 24 bal yüksək olub
Bakı, 11 sentyabr, AZƏRTAC
Dördüncü sinifdə qızların oxu nəticələri oğlanlardan 24 bal yüksək olub. Riyaziyyat üzrə isə qız və oğlanların nəticələri demək olar ki, eyni səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev Təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, 6-cı sinifdə də oxu üzrə qızların nəticələri oğlanlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə isə nəzərəçarpacaq fərq müşahidə olunmur. “Təbiət” fənni üzrə də qızların nəticələri daha yüksəkdir.
Elnur Əliyev qeyd edib ki, əvvəlki illərdə riyaziyyat üzrə oğlanların nəticələrinin daha yaxşı olduğu müşahidə edilsə də, hazırda bu fərq demək olar ki, aradan qalxıb.
Nazir müşaviri, həmçinin eyni məktəbdə Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlərin nəticələrinin müqayisə edildiyini deyib. Bildirib ki, müqayisə eyni məktəbdə hər iki bölmənin fəaliyyət göstərdiyi, şagirdlərin eyni yaşayış məntəqəsi və oxşar sosial-iqtisadi şəraitdə təhsil aldığı məktəblər üzrə aparılıb. Dördüncü sinifdə Azərbaycan bölməsində orta nəticə 541 bal, rus bölməsində isə 527 bal olub. Səviyyələr üzrə müqayisədə də Azərbaycan bölməsində 4-cü səviyyədə olan şagirdlərin payı daha yüksəkdir. Ümumilikdə Azərbaycan bölməsində təhsil alan şagirdlərin nəticələrinin nisbətən daha yaxşı olduğu müşahidə edilir.