Dosent Akif Hacıyev: Milli Qurtuluş Günündə xalqımız daha bir bayram ovqatı yaşadı
Bakı, 23 iyun, AZƏRTAC
Milli Qurtuluş Gününü qeyd etdiyimiz iyunun 15-də xalqımız daha bir bayram ovqatı yaşadı: Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizin mədəniyyət mərkəzi olan Şuşada imzaladıqları bu Bəyannamə tarixi dostluğa söykənən bir sənəddir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Akif Hacıyev deyib.
O bildirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün XX əsrin əvvəllərində dediyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, əsrin sonlarında isə ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlətik” sözləri Şuşada yenidən canlandı, qardaşlıq dünyamızı ən gözəl rayihəyə bələdi. Bu Bəyannamə bir daha sübut etdi ki, 44 günlük Vətən müharibəsində həm maddi, həm mənəvi cəhətdən Azərbaycanın yanında olan qardaş Türkiyə müharibədən sonra da Azərbaycanın yanındadır. Bu Bəyannamə həm də dostluq və qardaşlığımızın tarixi köklərini bir daha dünyaya nümayiş etdirdi.
Akim vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmlidir. İki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırıb. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyənin Baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar da qardaş dövlətin bu bölgədə mövqeyinin möhkəmlənməsi kimi dəyərləndirilməlidir.
“Ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, çoxminli tələbə kollektivi də bu tarixi dostluğa söykənən Şuşa Bəyannaməsini ürəkdən alqışlayır və bu sənəddən irəli gələn müddəaları tam dəstəkləyir”, - deyə A.Hacıyev fikrini yekunlaşdırıb.