Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir
Ankara, 16 iyun, AZƏRTAC
2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə ədalət bərqərar oldu. Türklərin “Dəmir yumruğ”u tarixi yenidən yazdı və haqsızlığa son qoydu.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını alqışlayıb. “Allaha şükür ki, Qarabağın işğal zəncirlərindən qurtulduğu günləri görmək bizə nəsib oldu. Biz Şuşada ulduz və aypara ilə bəzədilmiş bayraqların dalğalandığı şəfəqləri qarşılayırıq. Qarabağ torpağında şəhidlərimizin qanı ilə suvarılan Xarıbülbül artıq kədərli gözləntinin deyil, böyük Zəfərin rəmzi kimi çiçək açır”, - deyə siyasətçi bildirib.
MHP lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət yetirilməsinə çağırış edib və Zəngəzur dəhlizini “Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqə” adlandırıb.
D.Baxçalı vurğulayıb ki, Zəngəzur dəhlizi “Türk əsri”ndə strateji açar rolunu oynayır. “Əminəm ki, bu marşrut açılacaq və Türk Dövlətləri Təşkilatı daha da güclənəcək. Qarabağ Azərbaycandır! Bu həqiqət həm şəhidlərimizin qəhrəmanlığı və qanı ilə, həm də danışıqlar masasında təsdiq olunub”, – deyə o bildirib.
MHP sədri qeyd edib ki, əgər İrəvan regional əməkdaşlıqda səmimi iştirak etsə, Zəngəzur dəhlizi Ermənistan üçün də yeni imkanlara çıxış yolu ola bilər. “Əks təqdirdə Ermənistan keçmişin uydurmaları naminə gələcəyin imkanlarını qurban verəcək”, – deyə Dövlət Baxçalı xəbərdarlıq edib.