Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Dövlət Dəniz Administrasiyasında (DDA) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
DDA-nın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə 20 Yanvar faciəsində qəhrəmanlıqla şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
DDA-nın rəisi Qüdrət Qurbanov qanlı faciə haqqında danışaraq bildirmişdir ki, 20 Yanvar Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizə daxil olan sovet qoşunları çoxlu sayda ermənilərin də iştirakı ilə Azərbaycan xalqına qarşı qanlı terror törətmişdir.
O vaxt məhz xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, bu faciəyə öz kəskin münasibətini bildirmişdir. Ulu öndərimiz faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədən şəxsləri kəskin tənqid etmiş, hadisəni insanlığa layiq olmayan əməl kimi qiymətləndirərək, xalqımızın haqq səsini dünyaya çatdırmışdır.
Görkəmli siyasi və dövlət xadiminin respublika rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalmış mərd mübarizlərimizin xatirəsi daim əziz tutulmuş, faciəyə hüquqi-siyasi qiymət verilmiş, şəhidlərimizin ailə üzvlərinə və Qanlı Yanvar hadisəsində zərər çəkən şəxslərə müntəzəm qayğı göstərilmişdir. Bildirilmişdir ki, bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir, 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərilir.
DDA-nın hüquq şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası “Dənizçilər” ərazi təşkilatının sədri Əhməd İsmayılov, şöbə müdiri Etiram Rəhimov, sektor müdiri Vaqif Hüseynov və başqaları çıxışlarında Mixail Qorbaçov başda olmaqla, o vaxtkı imperiya rəhbərlərinin xalqımıza qarşı yürütdükləri düşmən və qəddar siyasəti, Əbdürrəhman Vəzirovun, respublikanın o dövrdəki digər rəhbər vəzifəli şəxslərinin öz xalqının taleyinə biganəlik və dönüklüyünü qətiyyətlə lənətləmiş, qanlı 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin fədakarlığı, mübarizliyi və öz xalqı ilə birgə fəal mübarizəsindən söz açmış, faciə barədə acı xatirələrini bölüşmüşlər.