Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai şura üzvləri ilə görüş olub
Bakı, 4 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin rəisi Vəli Quliyev əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatları diqqətə çatdırıb. O, bu sahədə idarəçilik və xidmətlərin qabaqcıl dünya təcrübəsi, innovativ həllərin tətbiqi əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımlar, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklər barədə məlumat verib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü işlər və gələcək planları, Əməyin Mühafizəsi Mərkəzinin qurulması istiqamətində aparılan işlər diqqətə çatdırılıb.
Əmək münasibətləri sahəsinə “Əmək və Məşğulluq” altsistemi üzərindən çevik və obyektiv, səmərəli nəzarətin təmin edilməsi, əmək qanunvericiliyinin pozulması faktlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində görülən işlər qeyd edilib. İşçilərin, xüsusilə həssas əhali qruplarından olan işçilərin əmək hüquqlarının qorunmasının diqqət mərkəzində olduğu vurğulanıb.
İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.