DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ XXVIII YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK EDƏCƏK TAEKVONDOÇULARLA GÖRÜŞ OLMUŞDUR
Ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışan ATF prezidzenti Kəmaləddin Heydərov artıq beynəlxalq aləmdə yüksək idman nailiyyətləri ilə seçilən respublikamıza potensial rəqib kimi baxıldığını xatırladaraq, bütün bu uğurların qazanılmasında Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müstəsna xidmətlərindən söhbət açmışdır.
Avqustun 4-də Zuğulbada XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində iştirak edən Prezident İlham Əliyevin söylədiyi fikri bir daha idmançıların diqqətinə çatdıran Kəmaləddin Heydərov Sidneydə Azərbaycanı 31 idmançı təmsil etdiyi halda, Afinada ölkəmizin idman şərəfini 38 nəfərin qoruyacağını əlamətdar hadisə kimi dəyərləndirərək demişdir ki, komandamız çox güclüdür və çox gözəl imkanları var. Mən şübhə etmirəm ki, idmançılarımız Afinada uğurla çıxış edəcəklər.
Kəmaləddin Heydərov Azərbaycanda taekvondoçulara yaradılan şəraiti və dünya standartları səviyyəsində “Musado” Taekvondo Mərkəzinin istifadəyə verilməsinin idmançılara göstərilən qayğının təzahürü olduğunu vurğulamışdır.
ATF prezidenti əminlik hissi ilə demişdir ki, Afina Olimpiadasında taekvondoçularımız uğurla çıxış edərək vətənə yüksək nailiyyətlərlə qayıdacaqlar.
Dünya çempionu Niyaməddin Paşayev, Rəşad Əhmədov, ATF-nin vitse-prezidenti Füzuli Musayev göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, Azərbaycan Taekvondo Federasiyasının prezidentini əmin etmişlər ki, Afinada ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq, etimadı var qüvvələri ilə doğrultmağa çalışacaqlar.
Görüşdə iyunun 12-də Cənubi Koreyada gənc taekvondoçuların dünya çempionatında respublikamızı uğurla təmsil edən və bürünc mükafatın sahibi Məftun Salmanov keçirdiyi görüşlər barədə Taekvondo Federasiyasının prezidentinə məlumat vermiş və gələcəkdə daha yüksək nəticələr qazanacağını bildirmişdir.