DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasim başlamazdan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açmış, bu faciənin səbəblərindən və ağır nəticələrindən danışmışdır. O, erməni terrorçu dəstələrinin əsrlər boyu “böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımıza qarşı apardıqları təxribatları qeyd etmişdir. Xocalıda vəhşicəsinə həyata keçirilmiş, tarixdə analoqu olmayan bu hadisənin yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönündə qəti addımlar atıldığı xatırlanmışdır. Rektor dünya azərbaycanlılarının haqq səsimizi bütün dünyaya çatdırmasının zəruriliyini vurğulamış, bütün həmvətənlərimizi bu yöndə səfərbər olmağa şağırmış, torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməmizin vacibliyini qeyd etmişdir.
Yığıncaqda Şuşa rayonu İcra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, əslən Xocalıdan olan deputatlar Elman Məmmədov, Havva Məmmədova və İctimai Birliyin əlaqələndirmə şurasının sədri Mehdi Abdullayev xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, fəlakətlərimizin səbəbkarları barədə dünya ictimaiyyətini hər zaman məlumatlandırmağın vacibliyini qeyd etmişlər.
Sonda faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.