“Dövlət proqramının icrası regionların inkişafı baxımından böyük dəyişikliklərə səbəb oldu” – açıqlama
Bakı, 31 avqust, Ramiz Quliyev, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” böyük dəyişikliklərə səbəb oldu. Bu dövr ərzində Azərbaycan regionlarında bir sıra təsərrüfat subyektləri, iş yerləri yaradılıb, eyni zamanda, regionların iqtisadi və sosial baxımdan dirçəlməsi üçün dövlətimiz tərəfindən böyük işlər görülüb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
Dövlət proqramının icrasının çox çətin bir dövrdə baş verdiyini deyən ekspert bildirib ki, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra bu ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir və bu dövr ərzində istər idarəetmədə struktur islahatları, istərsə də regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq bir çox layihələrin həyata keçirilməsi vəziyyətin tamamilə müsbət mənada inkişafına səbəb oldu. Proqram çərçivəsində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib, infrastruktur təminatı yaxşılaşdırılıb, sahibkarlıq mühiti formalaşıb, iqtisadiyyata investisiyaların cəlb olunması əvvəlki illərlə müqayisədə daha da artıb, ölkənin ixrac potensialı yüksəlib, əhalinin məşğulluq səviyyəsinin artırılmasında mühüm nəticələr əldə olunub: “Bu gün Azərbaycanın bölgələrində xeyli yeni fabriklər açılıb, dövlət başçısının dəstəyi və rəhbərliyi ilə xeyli sayda iş yerləri yaradılıb. Proqramın icrası dövründə yaradılan yeni iş yerləri ilə Prezident İlham Əliyev gərgin iş rejiminə baxmayaraq, regionlara mütəmadi səfərlər zamanı tanış olub. Burada yaradılan yeni iş yerləri ilə bağlı ona məlumat verilib. Artıq bu dövlət proqramının yekunlaşmasına qısa bir zaman qalıb. Qarşıda hədəflər hələ çoxdur. İlin sonuna doğru proqramın tam icra edilməsi üçün aidiyyəti qurumlar tərəfindən qarşıda duran vəzifələrin yerinə yetirilməsi davam etdiriləcək”.
T.İsmayılov, həmçinin vurğulayıb ki, növbəti illərdə də dövlət proqramı ilə bağlı koordinasiyalı işlərin davamını görəcəyik. Bölgələrin dirçəldilməsi, eyni zamanda, paytaxta köç və axın prosesinin qarşısının alınması, bölgələrdə daimi iş yerlərinin açılması xalqın sosial rifahına və güzəranına müsbət təsir edəcək.