Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra fondun sədri Səlim Müslümov vurğulamışdır ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi. 21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilməmişdir.
Həmin dövrdə baş verən tarixi prosesləri xatırladan S.Müslümov bildirmişdir ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
S.Müslümov 20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulamışdır. Bildirmişdir ki, bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Daha sonra anım mərasimində 20 Yanvar hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşmüşlər.
Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilmişdir.