İQTİSADİYYAT
Dövlət Vergi Xidməti: 220 mindən çox “Asan İmza” sertifikatı verilib
Bakı, 9 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 346 min 847 şəxs qəbul edilib, onlara 651 min 130 sayda xidmət göstərilib ki, bunlardan 175 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 159 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumi elektron xidmətlərin 87,9 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Asan İmza sertifikatlarının verilməsi;
Vergiödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergiödəyicisinin fəaliyyətinin bərpası.
Yanvar-iyul ayları ərzində vergiödəyicilərindən daxil olan 14,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7,2 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 232 mindən yuxarı SMS göndərilib. Dövr ərzində 1994 vergiödəyicisinin iştirakı ilə 159 görüş keçirilib, 2 min 754 ödəyiciyə ünvanlı xidmət göstərilib.
İlin əvvəlindən ümumilikdə 146 min 608 müraciət üzrə 221 min 162 “Asan İmza” sertifikatı verilib. 11,2 minə yaxın vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.