Dünya Azərbaycanlılarının Həmrəylik Günü Niderlandda qeyd olunub
Haaqa, 26 dekabr, AZƏRTAC
Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Haaqadakı səfirliyində keçirilən tədbirə Niderlandda yaşayan diaspor üzvlərimiz qoşulublar. Bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək deyib: “Niderland Krallığında 14 minə yaxın azərbaycanlı yaşayır. Burada çalışdığım az müddət ərzində soydaşlarımızın Vətəndən uzaqlarda ailələrində milli dəyərlərimizi, əxlaqımızı, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxladıqlarının, övladlarını milli-mənəvi ruhda tərbiyə etdiklərinin, Vətənlə bağlarını itirmədiklərinin şahidi oldum. Bu, çox qürurverici haldır. Bunun məhz azərbaycançılıq ideologiyasının bəhrəsi olduğunu vurğulayan diplomat əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın Azərbaycanda və xaricdə bütün soydaşlarımızı birləşdirdiyini qeyd edib. Diplomat daha sonra soydaşlarımızı bir araya toplamaqla bayram tədbirini təşkil edən Koordinasiyası Şurasına təşəkkür edib. Vurğulayıb ki, bu, istər Azərbaycan daxilində, istərsə də Vətən sərhədləri xaricində bütün soydaşlarımızı sıx birləşdirən bir vasitədir.
Bildirilib ki, vətəndən uzaqda yaşayan hər bir insan davranışı, əməlləri ilə ölkəsini təmsil etdiyini, yəni, xaricdə yaşayan hər bir fərdin özünün bir diaspor olduğunu unutmamalıdır.
Tədbirdə azərbaycançılıq ideologiyası və diasporçuluq fəaliyyəti, bu işdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rolu barədə bir neçə qısa film nümayiş etdirildikdən sonra Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri Mayisə Ağamirzəyeva və Emil Əliyev çıxış edərək soydaşlarımızı bayram münasibətilə təbrik ediblər.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri M.Ağamirzəyeva yeni yaranan Şura haqqında məlumat verib. Bildirib ki, Koordinasiya Şurası məhz pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarını bir araya gətirib daha genişmiqyaslı və Vətənin milli-mənəvi, siyasi maraqlarını təmsil edən uğurlu layihələr həyata keçirmələrini təmin etmək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin təklif etdiyi və bizim də könüllü olaraq qatıldığımız bir təşkilatdır.
“Təəssüf ki, biz bu yola 5 təşkilatla çıxdıq. Amma inanırıq ki, gələcək illərdə bizə qoşulan diaspor üzvlərimizin sayı artacaq və biz daha böyük, uğurlu layihələrə imza atacağıq. Çünki atalarımızın da dediyi kimi, güc birlikdədir. Şuramız adından bütün soydaşlarımızın birlik və həmrəylik gününü təbrik edir, qarşıdan gələn 2019-cu ilin bütün xalqımız və Azərbaycanımız üçün uğurlu olmasını diləyirəm”, - deyə M.Ağamirzəyeva vurğulayıb.
Şuranın digər əlaqələndiricisi, “Avropa Azərbaycanlıları” (EuroAzNL) təşkilatının rəhbəri Emil Əliyev soydaşlarımızın həmrəylik gününü təbrik edərək, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.
Sonda Koordinasiya Şurasının üzvü, “Odlar Yurdu” Niderland Azərbaycan Cəmiyyətinin rəhbəri, bəstəkar-müğənni Firəngiz Bağırova pianoçu Səbinə Axundovanın müşayiəti ilə tanınmış Azərbaycan bəstəkarlarının lirik mahnılarını ifa edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Niderland