SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARININ QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLİR
Dünya azərbaycanlılarının I qurultayına nümayəndələr seçilməsi ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov Qazağıstanda və Qırğızıstanda ezamiyyətdə olmuşdur.
Almatı, Taldı-Kurqan şəhərlərində və Almatı vilayətinin Kirovsk qəsəbəsində Azərbaycan diasporunun nümayəndələri ilə görüşən səfir indiki dövrdə Azərbaycanda siyasi və iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, Dünya azərbaycanlılarının Bakıda keçirələcək I qurultayı üzərində xüsusi dayanmışdır. Sonra səfir Qazağıstanda yaşayan Azərbaycanlıların “Turan” konqresinin idarə heyətinin iclasında iştirak etmiş, qurultay haqqında iştirakçılara geniş məlumat vermişdir. İclasda qurultaya on nəfər nümayəndə seçilmişdir.
Aydın Əzimbəyov Qırğızıstanın Kant və Belovodsk şəhərlərində də Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızı həmişə diqqət mərkəzində saxladığını bildirən səfir bu sahədə son vaxtlar görülən işlərdən danışmışdır. Bişkək şəhərindəki Azərbaycan mədəniyyət mərkəzində keçirilən iclasda isə Azərbaycan diasporunun beş üzvü qurultaya nümayəndə seçilmişdir.
Aydın Əzimbəyov AZƏRTAC-ın müxbiri ilə söhbətdə demişdir:
- Kirovsk qəsəbəsində 40-dan artıq ağsaqqalla görüşüm xüsusiilə yaddaqalan oldu. Onlar bir daha əmin oldular ki, Azərbaycan Vətəndən kənarda yaşayan soydaşları ilə daim maraqlanır. Ağsaqqallar öz çıxışlarında dəfələrlə bu fikri vurğuladılar və belə münasibətdən çox şad olduqlarını bildirdilər.
Kirovskda 20-yə yaxın azərbaycanlı ailəsinə baş çəkdim, problemləri ilə maraqlandım. Ümumiyyətlə, Kirovsk qəsəbəsində səkkiz minə yaxın azərbaycanlı - keçmiş represiya qurbanları və onların övladlarıdır. Qazağıstanda və Qırğızıstanda yaşayan soydaşlarımız milli adət-ənənələrimizi, dilimizi qoruyub saxlayırlar. Bu isə bizi çox sevindirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd