Dünya çempionatı: kumite üzrə komandamız bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb
Bakı, 19 noyabr, AZƏRTAC
Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycanın kumite komandası bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda Xorvatiya, Hindistan, Yaponiya komandalarını məğlub edən kişilərdən ibarət kumite millimiz növbəti mərhələdə Serbiya yığmasına uduzub. Təsəlliverici görüşdə Makedoniya komandasından üstün olan karateçilərimiz bürünc medal uğrunda Özbəkistan seçməsi ilə qarşılaşacaq.
Xatırladaq ki, qadın milli komandamız isə ilk görüşdə italiyalı rəqibinə uduzub. Kata milli komandamız da mübarizəni medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. İdmançılarımızdan İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. Çempionata noyabrın 21-dək davam edəcək.