Dünya şöhrətli brend “ESPA” Azərbaycanda öz ilk spa-salonunu açır
Bakı, 17 mart (AZƏRTAC). Martın 17-də Azərbaycanda “Fairmont Baku” otelində dünya şöhrətli brend “ESPA”nın ilk SPA-salonunun açılması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, “ESPA”nın icraçı direktoru və yaradıcısı Syu Xamsvort mətbut konfransındakı çıxışında qeyd etmişdir ki, Bakıda SPA-salonun açılması iri və ümidverici layihələrdən biridir. O demişdir: “SPA sahəsində dünyada lider olan “ESPA” ABŞ, Rusiya, Bolqarıstan, BƏƏ, Litva və s. kimi ölkələrdə sanballı SPA-salonlarını müvəffəqiyyətlə idarə edir. Şirkətimiz qadınlar və kişilər arasında eyni dərəcədə populyar olan üz və bədən üçün təbii məhsullar yaradır.
Öz sahəsində böyük nüfuz qazanmış “ESPA” bütün dünyada dəbdəbəli otellərin sahibləri ilə tərəfdaşlıq etməsindən qürur duyur. Bizim məhsul öz səmərəliliyinə, keyfiyyətinə görə nadir məhsuldur və son üç ildə 125 mükafata layiq görülmüşdür”.
Bütün qonaqlara “ESPA” brenddən hədiyyələr təqdim olunmuşdur.