Dünyada müsəlman dövlətləri və xalqları arasında qərəzli informasiya formalaşdırılır
Bakı, 11 dekabr, C.Rüstəmov, X.Məmmədov, AZƏRTAC
Təəssüflər olsun ki, dünyada müsəlman dövlətləri və xalqları arasında qərəzli informasiya formalaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 11-də Bakıda keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfransdakı çıxışında deyib.
Bir neçə gün bundan əvvəl Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclasında iştirak etdiyini xatırladan Ə.Həsənov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması və onun təsis qurultayının Bakıda keçirilməsi barədə qərar dünyanın 50-dən artıq dövləti tərəfindən yüksək qiymətləndirilib.
Müsəlman ölkələrində baş verən hadisələrin dünyaya doğru, düzgün çatdırılmasında jurnalistlərin rolundan danışan Ə.Həsənov deyib: “Biz bu informasiyaları hələ də bizə daha asan yolla çatmaq imkanı olan mediadan - CCN, BBC və digər transmilli qurumlardan alırıq. Amma araşdırarkən məlum olur ki, həmin ölkələrdə baş verən hadisələrlə bu barədə dünyaya yayılan xəbər arasında bir çox uyğunsuzluq var. Ümumiyyətlə, hadisənin təfərrüatı bir yana qalsın, onun ayrı-ayrı məqamları belə həmin xəbərdə əksini tapmır. Serbiyada, Misirdə, İranda, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Fələstində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər o transmilli xəbər orqanlarının təqdim etdiyi kimidirmi? Məgər bütün dünya ölkələri baş verən hadisələri o qurumların jurnalistləri kimi düşünürmü? Əlbəttə ki, yox. Amma biz, ayrı-ayrı ölkələrin jurnalistləri dağınıq fəaliyyət göstəririk, bəzən səsimizi ölkəmizdən kənara çıxara bilmirik. Bu da ona gətirib çıxarır ki, dünyada müsəlman dövlətləri, müsəlman xalqları arasında qərəzli informasiya formalaşdırılır. Bu ölkələr, xalqlar terrorizm məkanı və terrorçu dövlətlər, sivil normalardan uzaq insanlar kimi təqdim olunur. Amma yaxşı bilirik ki, İslam dini bəşər sivilizasiyasına hansı dəyərləri, hansı üstünlükləri gətirib. İslam sivilizasiyasının Yer kürəsinə, insanlar və millətlər arasına gətirdiyi dəyərlərin çoxu bu gün başqa ad altında dünyada təbliğ olunur. Lakin İslam ölkələri vəhşi, qaniçən, terrorizmi dəstəkləyən, öz daxilində və bir-biri arasında nizam yarada bilməyən xalqlar, dövlətlər kimi təqdim edilir. Bu anlamda, əlbəttə jurnalistlərin qarşısında çox mühüm vəzifələr durur”.