Dünyanın ən böyük qida istehsalçısı olan Çin təbii fəlakət qarşısında aciz qalıb
Bakı, 10 avqust, AZƏRTAC
Anomal istilər və onun doğurduğu fəlakətlər dünyanı ağuşuna alıb. Temperaturun həddən çox olması quraqlıq yaradır, meşə yanğınlarına səbəb olur, həmçinin kənd təsərrüfatına ciddi ziyan vurur.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, anomal istilərin, daşqınların acı nəticələrini yaşayan ölkələrdən biri də 1,4 milyard əhalisi olan Çindir. Ölkə hazırda amansız istilər və güclü musson yağışlarından əziyyət çəkir.
Pekin şəhərində son 140 ilin ən dəhşətli qasırğası nəticəsində güclü daşqınlar baş verib və 20 nəfərdən çox insan həyatını itirib.
Çinin Fövqəladə İdarəetmə Nazirliyinin məlumatına görə, iyul ayında baş verən təbii fəlakət nəticəsində 147 nəfər ölüb və ya itkin düşüb.
Ekstremal hava şəraiti ölkənin kənd təsərrüfatı sahəsinə, yəni, məhsul istehsalına da ciddi ziyan vurub. Daşqın və quraqlıqdan əziyyət çəkən çinli fermerlər məhsulun yetişdirilməsi ilə bağlı vəziyyətin daha da pisləşdiyini bildirirlər.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi dünyanın ən böyük qida istehsal edən ölkəsi sayılan Çində geniş miqyasda məhsul çatışmazlığına səbəb ola bilər.