DÜŞƏNBƏDƏ XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ANMA MƏRASİMİ OLMUŞDUR
Düşənbə 26 fevral (AZƏRTAC). Fevralın 26-da Düşənbədə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anma mərasimi olmuşdur. Tədbirdə Düşənbədəki diasporumuzun üzvləri, qardaş tacik xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev faciənin başvermə səbəbləri haqqında ətraflı danışmış, bu qədim şəhərin bir gecənin içində tamamilə məhv edildiyini bildirmişdir. Səfir demişdir ki, qaniçən erməni cəlladları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yaxından köməyi ilə qocaları, qadınları, uşaqları məhv etmiş, südəmər körpələri süngüyə keçirərək əzabla qətlə yetirmişlər.
Səfir Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bütün dünyada “Xocalıya ədalət” kampaniyası keçirildiyi haqqında danışmış, bu soyqırımı və ermənilərin xalqımızın başına gətirdikləri digər faciələrin dünya ictimaiyyətinə çatdırılmasında səylərin artırılmasının vacibliyini qeyd etmişdir.
Mərasimdə iştirak edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitab və broşürlərə, həmçinin fotoşəkillərdən ibarət sərgiyə və “Dua” sənədli filminə, rep üslubunda olan “Xocalıya ədalət” klipinə baxmışlar.
Tədbirdə Tacikistanda keçirilən parlament seçkilərini müşahidə üçün Düşənbəyə gəlmiş Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev, Nizami İsgəndərov və Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov iştirak etmişlər.
Faciə ilə əlaqədar ingilis və rus dillərində hazırlanmış məlumatlar toplusu Düşənbədəki səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, Tacikistan XİN-ə və digər dövlət qurumlarına, KİV-lərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə