ECOWAS nümayəndə heyəti qiyamçıların rəhbəri ilə görüşmədən Nigeri tərk edib
Bakı, 4 avqust, AZƏRTAC
Qərbi Afrika ölkələri iqtisadi birliyinin (ECOWAS) nümayəndə heyəti Nigerə gəldikdən bir neçə saat sonra ölkəni tərk edib.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, avqustun 3-də axşam saatlarında Nigerə gələn nümayəndə heyətinin nə qiyamçıların rəhbəri general Abdurahman Çiani, nə də prezident Mohamed Bazumla görüşü baş tutmayıb.
Nigeriyanın sabiq prezidenti general Abdusalami Abubakarın başçılıq etdiyi nümayəndə heyəti ECOWAS ölkələri liderlərinin tələblərini çatdırmaq üçün Nigerdə qiyamçıların rəhbərləri ilə görüşməli idi.
İyulun 30-da ECOWAS-ın fövqəladə sammitində Mohamed Bazumun dərhal azadlığa buraxılması və ölkədə qanuni hakimiyyətin bərpası tələb edilmiş və bu tələbləri yerinə yetirmək üçün qiyamçılara bir həftə vaxt verilmişdi. Əks-təqdirdə təşkilata üzv ölkələr Nigerdə konstitusiya qaydasının bərpası üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirmiş, xuntanı hətta “güc tətbiqi” ilə hədələmişdi.
Avqustun 2-də milli televiziyada çıxış edən general Çhiani isə regional və beynəlxalq təzyiqlərə boyun əyməyəcəyini deyərək Niger xalqını xarici təhlükələr qarşısında vətənlərini müdafiə etməyə hazır olmağa çağırıb.
Bu arada Nigeriyalı siyasətçilərin açıqlamalarına görə, Bazum səhhəti ilə bağlı heç bir problem yaşamır, digər ölkələrin liderləri və hökumət nümayəndələri ilə telefonla əlaqə saxlayır. Lakin ona iqamətgahını tərk etmək qadağan olunub.