“e.customs.gov.az” veb-portalında idxalçılar üçün vacib funksiya yaradılıb VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
“e.customs.gov.az” veb-portalının anlaşıqlı olması üçün portala “Bildirişlər” və “Elanlar” funksiyaları əlavə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov məlumat verib.
O bildirib ki, “Bildiriş” funksiyası vasitəsilə istifadəçilər aparılan gömrük əməliyyatlarına dair məlumatları əldə edə bilirlər. Bu xidmət xüsusi ilə gömrük rəsmiləşdirilməsi zamanı idxalçılar üçün çox vacibdir. Belə ki, gömrük bəyannaməsi təqdim edildikdən sonra bəyannamənin icra vəziyyətini “Bildiriş” xidməti vasitəsilə izləyə bilərlər.
“Rəy və təkliflər” bölməsində istifadəçilər tərəfindən ünvanlanan təkliflər nəzərə alınaraq e-xidmətlərin davamlı olaraq yenilənməsi həyata keçirilir. Eyni zamanda, portalın interfeysi bütün yaş qrupları üzrə istifadəçilər üçün sadə, rahat və əlçatan layihələndirilib. Portalda istifadəyə verilmiş hər bir elektron xidmət üzrə yazılı və video təlimat, daha çox istifadə olunan digər qurumların portallarına keçidlər yerləşdirilib”, - deyə Təmkin Xəlilov əlavə edib.