Ege Universitetinin müəllimləri Aqrar Universitetdə dərslərə başlayıblar
Gəncə, 15 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram üzrə “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qeyd olunan proqram üzrə Ege Universitetindən bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Aqrar Universitetə gəlib və yeni tədris ilində dərslərə başlayıblar.
Cari tədris ilində I kurs tələbələrinə dərs keçmək və universitetdə müvafiq sahələr üzrə elmi tədqiqat işlərində iştirak etmək üçün Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetindən 9 nəfər professor-müəllim heyəti - İsmail Türkan (Biologiya və botanika), Bülent Çakmak (Kariyera planlaşdırılması, informatika, əməyin təhlükəsizliyi), Urfat Nuriyev (Riyaziyyat), Hülya Atıl (Statistika), Süleyman Gülcemal (Ümumi kimya), müəllim Seda Beydeş (Xarici dil), Bekir Keskin (Zoologiya), baş müəllim Yılmaz Özkaya (Türk dili) və Ömür Çakırlı (Fizika) Aqrar Universitetə gəliblər.
İkili diplom proqramı çərçivəsində qeyd olunan ixtisaslara 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərinin hər birində otuz tələbə qəbul oluna bilər.