Ekoaksiya: Səhər saatlarında 8 avtomobilin ərazidən keçidi təmin olunub
Şuşa, 24 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu gün də Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir minik avtomobili Xankəndidən Laçın istiqamətinə doğru gedib.
Ekoaksiyanın 75-ci günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Xatırladaq ki, bundan öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 7 avtomobil Xankəndidən Laçına gedib.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 8 avtomobilin keçidi təmin olunub.