Ekoaksiya: Sülhməramlıların daha 6 avtomobili ərazidən sərbəst keçib
Şuşa, 24 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu gün də Rusiya sülhməramlılarına aid minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus dördü yanacaqdaşıyan, ikisi isə minik avtomobili olmaqla altı avtomobil Laçın istiqamətində gedib.
Ekoaksiyanın 75-ci günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən 13 avtomobilin keçidi təmin olunub.