“Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya ili”ni uğurlu nəticələrlə başa vurur
Bakı, 30 dekabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təsisçiliyi ilə neft sənaye sahələrində ekoloji yönümlü işlərin yerinə yetirilməsi məqsədi ilə yaradılmışdır. 2006-cı ildən başlayaraq QSC neft emalı zavodlarından atılan sənaye-çirkab sularının təmizlənməsi, neft şlamının emalı və zərərsizləşdirilməsi ilə yanaşı, ARDNŞ-in həyata keçirdiyi prioritet ekoloji layihələrinin icrasında potensial podratçı qismində yaxından iştirak edir.
2010-cu ildə QSC Heydər Əliyev adına Bakı neft emalı zavodu (NEZ) və “Azərneftyağ” NEZ-də 21 milyon 410 min kubmetrədək sənaye-çirkab sularının təmizlənməsi, 25 min 385 tonadək neft şlamının emal olunması və zərərsizləşdirilməsi, 136 ton parafinin təmizlənməsi, 30-dək təşkilata ekoloji monitorinq xidmətlərinin göstərilməsi, ekoloji-texniki normativ sənədlərin işlənib hazırlanması və s. işləri yerinə yetirmişdir.
Bununla yanaşı, QSC “Azneft” İstehsalat Birliyi ilə Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi) 10 hektar, “Siyəzənneft” NQÇİ-nin mədən ərazisində 24,5 hektar, “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində 7 hektar, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində isə 12,4 hektar ərazidə neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası işlərini uğurla həyata keçirmişdir. Bu ərazilərdən ümumilikdə 150 min 587 kubmetr şlam çıxarılaraq bioremediasiya edilmiş, həmin ərazilərə 58 min 306 kubmetr ştib, 168 min 441 kubmetr torpaq daşınmışdır.
Artıq “Siyəzənneft” və Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində layihələrin icrası uğurla başa çatdırılmışdır. Qala qəsəbəsində reabilitasiya olunmuş ərazilərdə 5 min 200 mühitə davamlı müxtəlif növ ağac, 10 minədək bəzək və gül kolu, “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş ərazilərində isə 9 min Eldar şamı və zeytun ağacı əkilmişdir.
2010-cu ildə QSC-nin xidməti istifadəsinə verilmiş, Zığ şosesi, Hövsan yolu ünvanda yerləşən A-4 qurğusu adlanan qeyri-yaşayış sahəsində də əsaslı təmir və yenidənqurma işləri aparılmış, ətraf ərazilərdə abadlaşdırma işləri görülmüş, 3 min 500 mühitə davamlı ağac, 2 min 500 bəzək və gül kolu əkilmişdir.
Cari ildə qurum ekoloji vəziyyətin yaxşılaşdırılmasında əsas amillərdən olan yaşıllıqların salınması və onlara aqrotexniki xidmətlər göstərilməsi məsələlərinə də xüsusi diqqət ayırmışdır. QSC-nin torpaqların rekultivasiyası departamentinin 3-cü sahəsi “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 50 minədək, qaz emalı zavodunun ərazisində isə 9 mindən artıq müxtəlif ağac növlərinə xidmət göstərir.
May ayında QSC Azərbaycandakı Amerika Ticarət Palatası ilə birgə Bakının məktəblərində xüsusi proqramla ekoloji maarifləndirmə tədbirləri keçirmişdir. Tədbirlər paytaxtın Zərifə Əliyeva adına, eləcə də 20, 23, 6 nömrəli lisey-məktəblərini və “SOS uşaq kəndi” internat məktəbini əhatə etmişdir.
QSC 2010-cu ildə “Ekologiya ili” çərçivəsində həyata keçirdiyi aktual ekoloji layihələrə görə “İlin ekologiya şirkəti” nominasiyası üzrə “Caspian Energy Award -2010” mükafatını almış, aktual ekoloji layihələrə və iqtisadi səmərəli fəaliyyətinə görə, nüfuzlu BUSINESS TIME jurnalının ekologiya sahəsində “İlin şirkəti” nominasiyası üzrə “AZERI BUSINESS AWARD” mükafatına layiq görülmüşdür.
Qurum ekoloji layihələrin dünya standartları səviyyəsində həyata keçirilməsi üçün, maddi texniki bazasının gücləndirilməsi, müasir texnika və texnologiyaların istehsalata tətbiqi sahəsində də məqsədyönlü işlər aparır. Bu günlərdə neft şlamını üç fazaya: neft, su və mexaniki qarışıqlara ayıran, Niderland istehsalı, məhsuldarlığı 20 kubmetr/saat olan üçfazalı dekantor qurğusu alınıb respublikamıza gətirilmişdir. Bu qurğu istifadəyə verildikdən sonra həm ekoloji, həm də iqtisadi cəhətdən xeyli səmərə əldə olunacaqdır.