Ekologiya və Ətraf Mühitin Davamlı İnkişafı klubunun üzvləri SOCAR-ın Eko-parkında olublar
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Ekologiya və Ətraf Mühitin Davamlı İnkişafı klubunun üzvləri üçün SOCAR-ın Eko-parkına ekskursiya təşkil olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlara “SOCAR-ın Ekoloji layihələri” mövzusunda təqdimat nümayiş etdirilib. Təqdimatda SOCAR-ın ekoloji fəaliyyətinin əsas istiqamətləri, mədən ərazilərində həyata keçirilən ekoloji monitorinq və instrumental ölçmə işləri, ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi məqsədilə götürülmüş nümunələrin analitik tədqiqi, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin rekultivasiyası, istehsal proseslərinin ekoloji tələblərə uyğunlaşdırılması, təmizləyici qurğu və avadanlıqlar, formalaşan istehsalat tullantılarının idarə edilməsi, yaşıllaşdırma işləri, o cümlədən ekoloji maarifləndirmə tədbirləri barədə geniş məlumat verilib, klub üzvlərinin sualları cavablandırılıb.
Gəzinti zamanı qonaqlara Eko-parkın tarixçəsi, infrastrukturu, külək generatorları, günəş batareyaları və parkda tətbiq olunan digər texnologiyalar barədə ətraflı məlumat verilib. Klub üzvləri parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları ilə tanış olublar.