EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ ÜMUMDÜNYA TORPAQ GÜNÜ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Tədbirlər aprelin 15-də Şamaxı rayonunda meşəsalma ilə başlanacaqdır. Burada 3 hektar sahədə 10 minə yaxın müxtəlif növ ağac əkiləcəkdir. Elə həmin gün nazirliyin Bakı departamentinin əməkdaşları paytaxtın Nərimanov rayonu məktəblərinin şagirdləri, tibb işçiləri ilə birlikdə buradakı Dədə Qorqud adına parkda iməcilik keçirəcəklər. Tədbirlər ayın axırınadək davam etdiriləcəkdir.
Xatırladaq ki, torpaq gününün keçirilməsi ənənəsi 30 il əvvəl ABŞ-da yaranmışdır. 1990-cı ilin həmin günü dünyanın 141 ölkəsindən 200 milyon adamın iştirakı ilə beynəlxalq aksiya keçirilmişdir. 2000-ci ildə aksiyaya artıq dünyanın 181 ölkəsindən yüz milyonlarla adam qatılmışdı. Xarici KİV-lərin məlumatına görə, dünyanın müxtəlif ölkələrində həmin gün konfranslar, sərgilər, ərazilərin təmizlənməsi və ağac əkilməsi kimi tədbirlər həyata keçirilir.