Ekspert: Azərbaycanda inkişaf strategiyası bütün sahələrdə paralel şəkildə tətbiq edilir
Bakı, 10 avqust, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlərimiz zamanı əyani şəkildə görürük ki, bu regionlar böyük bir inşaat sahəsinə bənzəyir. Ərazidə şəhərlər, kəndlər, yollar, digər kommunikasiya infrastrukturları sıfırdan başlayaraq yenidən tikilir. Həm də bu quruculuq prosesi müasir dövrün tələblərinə uyğun olaraq, yeni texnologiyaların tətbiq edilməsi ilə aparılır. "Ağıllı şəhər" və "ağıllı kənd" anlayışları tətbiq edilir. Bütün bu proseslərin aparılması üçün əraziyə ciddi məbləğdə investisiya yatırılıb. Ötən 3 il müddətində işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi üçün sərf olunan vəsaitin həcmi təqribən 7 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Yəni, qayıdış prosesini sürətləndirmək üçün ölkənin imkanları maksimum dərəcədə səfərbər edilib.
Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu prosesdə heyrət doğuran, qürur yaradan hal həm də odur ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan yenidənqurma işləri ölkənin digər regionlarını arxa plana atmır. Ölkənin kompleks inkişafı üçün hazırlanmış strategiyanın zədələnməsinə yol verilmir. Prezident İlham Əliyevin Azərbaycanın digər rayonlarına etdiyi səfərlər göstərir ki, ölkə rəhbəri Qarabağ və Şərqi Zəngəzur ilə yanaşı, bütün regionları da diqqət mərkəzində saxlayır. Hər bir rayonun və regionun inkişafı üçün proqramlar tərtib edir.
“Bir neçə gün əvvəl dövlətimizin başçısı Qazax rayonuna səfər edərək yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak etdi. Həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış oldu. Bərdə rayonunda isə zəruri layihələrin icrasını nəzərdən keçirdi. Bundan öncəki aylarda isə Tərtər rayonuna, həmçinin Neftçala və Saylan rayonlarına da səfərlər etmişdi. Yeni infrastruktur layihələri ilə tanış olmuş, yeni obyektlərin açılışında iştirak etmişdi. Prezident İlham Əliyevin sistemli şəkildə bütün regionlara səfərlər etməsi, həmin yerlərdə görülən işlərlə şəxsən tanış olması göstərir ki, dövlətimizin başçısı Azərbaycanın bütün regionlarının inkişafını bərabər şəkildə təmin etməyə çalışır.
Diqqət çəkən məqamlardan biri də odur ki, paralel şəkildə ölkənin iqtisadi inkişafı təmin edilir, dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına dair hesabatlardan aydın olur ki, hökumətinin əsas fəaliyyəti ölkənin dayanıqlı inkişafının təmin edilməsinə həsr edilib. Qeyri-neft sektorunun inkişafı, iqtisadi və sosial sahədə islahatların davam etdirilməsi prioritet olaraq qalıb. İlin birinci yarısında qeyri-neft sənayesinin artımı 6,5 faiz təşkil edib. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bəlli oldu ki, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi və şəffaflığın təmin edilməsi ilə ölkənin maliyyə vəziyyəti xeyli yaxşılaşıb. Dövlət büdcəsinə yenidən baxılıb, onun gəlir və xərc hissələri 3 milyard manat artırılıb. Dövlət borcunun ÜDM-in 10 faizindən aşağı salınmasına nail olunub. Azərbaycanın xarici borcu 6,7 milyard dollar məbləğinə endirilib ki, bu da ÜDM-in cəmi 10 faizini təşkil edir və əksər ölkələrə nisbətən fərqli mənzərə yaradır”, - deyə ekspert bildirib.
O əlavə edib ki, altı ilə yaxın bir zamanda davam edən qlobal inflyasiya şərtlərinə rəğmən, Azərbaycanda manatın məzənnəsinin sabit tutulması dünyada nadir hadisələrdən biridir. Bu da Azərbaycan vətəndaşlarının rifah halını yaxşılaşdırır. Bu və digər faktları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli və keyfiyyətli yenidənqurma işlərinin aparılmasının yeni modelini yaratdığı kimi, ölkənin kompleks inkişafının təmin edilməsi sahəsində qazandığı nailiyyətləri ilə də dünyada müsbət örnəyə çevrilməyi bacarıb.