Ekspert: Məktəblərdə qida təhlükəsizliyinin təmin olunması sağlam cəmiyyətin formalaşması baxımından önəmlidir
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər təhsil müəssisələrini də əhatə edir. 2027−2032-ci illər üçün Dövlət Proqramında ümumi və ali təhsil müəssisələri ilə yanaşı, digər təhsil müəssisələrində sağlam qidalanma, heyvan və bitki sağlamlığı, həmçinin zoonoz xəstəliklərlə bağlı tədris və maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert bildirib ki, qida təhlükəsizliyi müasir dövrdə qlobal əhəmiyyət daşıyan əsas istiqamətlərdən biridir. Bu baxımdan təhsilalanların sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı məlumatlılığının artırılması böyük əhəmiyyət kəsb edir.
“Ölkə əhalisinin iki milyondan çoxu təhsil prosesi ilə bağlı şəxslərdir. Məktəbəqədər, ümumi təhsil pillələrində təhsil alanlarla yanaşı, orta ixtisas, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alanları nəzərə aldıqda, bu Dövlət Proqramının əhatə dairəsinin və əhəmiyyətinin nə qədər böyük olduğu aydın görünür”, - deyə ekspert vurğulayıb.
Elçin Əfəndi qeyd edib ki, xüsusilə heyvandarlıq, bitkiçilik və balıqçılıq kimi istiqamətlər üzrə kadr hazırlığı aparılan təhsil müəssisələrində heyvan və bitki sağlamlığı məsələlərinin diqqətdə saxlanılması vacibdir. Onun sözlərinə görə, bu sahələr üzrə təhsil alan tələbələrin müasir tələblərə uyğun biliklərə yiyələnməsi gələcəkdə qida təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verə bilər.
Ekspert vurğulayıb ki, təhsil müəssisələrində şagird və tələbələrin sağlam qidalanmasının təmin edilməsi də Dövlət Proqramının mühüm istiqamətlərindəndir. Məktəbəqədər və ümumi təhsil müəssisələrində qidalanma müvafiq normativ tələblərlə tənzimlənir. Ali və orta ixtisas təhsili müəssisələrində isə bufetlərdə və digər qidalanma məntəqələrində təqdim olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi daim diqqətdə saxlanılmalıdır.
“Qida təhlükəsizliyinin təmin olunması yalnız mümkün qida zəhərlənmələrinin qarşısının alınması baxımından deyil, həm də sağlam nəslin və sağlam cəmiyyətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə aidiyyəti qurumların birgə fəaliyyəti və mütəmadi nəzarət mühüm rol oynayır”,- deyə ekspert fikrini yekunlaşdırıb.