Əlahiddə Çevik Polis Alayında Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunub
Bakı, 19 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Əlahiddə Çevik Polis Alayının komandiri Ramil Piriyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsindəki əvəzsiz rolundan danışıb. Alay komandiri bildirib ki, Ümummilli Lider Heydər Əliyev respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində müstəsna xidmətlər göstərib.
Çıxışlarda qeyd olunub ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu Öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq tariximizdə əbədiyaşarlıq qazanıb.
Sonda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.