ELM VƏ TƏHSİL
Əlilliyi olan şəxslərə sertifikatlaşdırmanın test mərhələsində əlverişli şərait yaradılır
Bakı, 15 mart, AZƏRTAC
2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan 31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq. Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlanacaq. Qaydalara əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.
Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması qaydası da Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərar ilə tənzimlənir. Həmin qərara görə, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikatlaşdırılmada iştirak etməyəcək. Bundan başqa, yeni işə qəbul olunanlar işdə 3 ili tamam olana qədər sertifikatlaşdırma prosesindən azaddırlar. Yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı isə könüllüdür.
Həmin qərarda əlillərlə bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb.
Lakin əlilliyi olan şəxslərə sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, indiyədək sertifikatlaşdırma prosesinə 29 nəfər gözdən əlilliyi müəyyən olunmuş şəxs cəlb edilib.