Elmi-metodik seminarlarda dərsliklərin təhlili aparılıb
Bakı, 1 mart, AZƏRTAC
Fevralın 25-dən martın 1-dək Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kursları və elmi-metodik seminarlar keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, dərslərdə hazırlıq kurslarının müdavimləri tərəfindən hazırlanan referatlar müzakirə edilib. İngilis dili fənnindən keçirilən elmi-metodik seminarda Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova 11-ci sinif “English” dərsliyinin məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənnindən keçirilən elmi-metodik seminarda Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulov 7-ci sinif və “Kaspi” liseyinin müəllimi Zəfər Fərhadov 8-ci sinif “Ədəbiyyat” dərsliklərinin məzmunundan danışıblar.
Kimya fənnindən keçirilən elmi-metodik seminarda kimya üzrə fəlsəfə doktoru Xəlil Nağıyev 8-ci sinif “Kimya” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının məzmunu haqqında danışıb.
Fizika fənnindən keçirilən elmi-metodik seminarda fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov 11-ci sinif “Fizika” dərsliyinin məzmunu haqqında məlumat verib.
Ədəbiyyat (rus bölməsi) fənnindən keçirilən elmi-metodik seminarda Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova 11-ci sinif “Literatura” dərsliyinin məzmunundan bəhs edib.
Biologiya fənnindən keçirilən elmi-metodik seminarda Texniki Humanitar Liseyin müəllimi Afət Qəhrəmanova və 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva 9-cu sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimatlarla çıxış ediblər.
Tarix fənnindən keçirilən elmi-metodik seminarda Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı, Laçın rayonu Zabux kənd tam orta məktəbin müəllimi Rəna İsmayılova, Laçın rayonu 7 nömrəli tam orta məktəbin müəllimi Malik Vəliyev və Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 8 və 10-cu sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlilini aparıblar.
Coğrafiya fənnindən keçirilən elmi-metodik seminarda Ağdam rayonu 149 nömrəli köçkün tam orta məktəbinin müəllimi Vüsalə Quliyeva 6-11-ci siniflərin “Coğrafiya” dərslikləri üzrə “Hidrosfer” bölməsinin məzmunundan danışıb.
Riyaziyyat fənnindən keçirilən elmi-metodik seminarda 8-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında BDU-nun əməkdaşı Elmin Ağayev informasiya verib.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Seminarlarda, həmçinin sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.