Əmək bazarının hazırkı və növbəti illər üzrə inkişaf meyilləri açıqlanıb
Bakı, 26 noyabr, Nailə Həsənova, AZƏRTAC
2025-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflər işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatı nəzərə alınmaqla bu ilki kvotada müəyyən dürüstləşdirmələrin aparılmasına yönəlib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, hər il üçün kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Komissiya yaradılıb. Həmin Komissiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarətdir. “Əmək bazarının hazırkı və növbəti illər üzrə inkişaf meyilləri kənd təsərrüfatı, emal sənayesi, tikinti sahələrində yeni texnika və texnologiyalardan istifadə, rəqəmsal bacarıqlar, robototexnika, data analitika və süni intellektə əsaslanan həllər kimi çağırışlardan irəli gəlir”, - deyə nazirlikdən bildirilib.