Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladan natiqlər 21 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən danışmışlar. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar. Bütün ömrü boyu xalqın yanında olan ulu öndərimiz Heydər Əliyev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibətləri dünyaya çatdırmışdır. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.