Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu xalqımız üçün əlamətdar olan bu günün qeyd edilməsi tarixindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Novruz bayramının ölkəmizdə daha təmtəraqla qeyd olunduğunu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu bayramın Azərbaycanın bütün ərazisində keçirildiyini vurğulayıb. Akif Təvəkküloğlu Novruz bayramının mənəvi dəyərlərinə toxunaraq insanların ürəyinə mərhəmət, birlik, paylaşmaq kimi insani keyfiyyətlər aşılayan bu bayramın məhz qəlblərin bayramı olduğunu vurğulayıb.
Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli çıxışında Novruz ənənələrinin hələ qədimlərdən başlandığını, Orta və Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələrində də qeyd olunduğunu bildirib. O, qədim tarixi köklərə malik Novruz bayramının təbiətin oyanışı ilə əlaqədar olduğunu, dünyanın bir çox ölkələrində keçirilən bu bayramın adət-ənənələrinin uzun illərdən bəri qorunub saxlanıldığını və bundan sonra da saxlanılacağını söyləyib. Martın 18-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını alovlandırmasının hər bir kəsdə qürur hissi yaratması diqqətə çatdırılıb.
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli, kitabxananın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova Novruz bayramının əhəmiyyətindən danışıblar.
Tədbir zamanı Novruz bayramı ilə əlaqədar videoçarx nümayiş etdirilib.