“Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsinə start verilib
Bakı, 10 dekabr, AZƏRTAC
Qafqaz Tarixi Mərkəzi, vesti.az, apa.az və day.az informasiya portalları ilə birlikdə “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirməyə başlayıb. Texniki baxımdan bu layihə yuxarıda adları çəkilən saytlarda yerləşdirilmiş informasiya bloklarından ibarətdir. Bu barədə AZƏRTAC-a “AZER-GLOBE” İctimai-Siyasi Araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzindən məlumat verilib.
Layihənin təşkilatçısı Fuad Axundov deyib: “Söhbət ən qədim dövrlərdən müasir günlərə qədər erməni auditoriyası üçün öz vətənində əlyetərli olmayan tarixi faktların üzə çıxarılmasından gedir. Müvafiq materiallar ermənilər üçün (təkcə onlar üçün yox) anlaşıqlı rus dilində təqdim edilib. Ermənilər özlərini başıbəlalı xalq adlandırırlar. Burada onlarla razılaşmamaq çətindir. Bu xalqın müsibətlərinin başlıca səbəbi budur ki, onların tarixi keçmişi barədə yalanlar asanlıqla beyinlərinə yeridilir və eyni zamanda obyektiv informasiya onlar üçün əlçatmaz olur. Erməniləri onların hazırda yaşadıqları ərazidə avtoxton millət olmalarına inandırmağa, belə bir inam hissi aşılamağa çalışırlar ki, qonşu dövlətlərin ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınması uydurmadır. Bizim layihənin məqsədi erməni ictimaiyyətinə həqiqəti çatdırmaqdır. Mən vesti.az, apa.az və day.az nəşrlərinin rəhbərliyinə təşəkkür edirəm və digər media-resursları əməkdaşlığa dəvət edirəm”.
İnformasiya blokları iki gün bundan əvvəl həmin nəşrlərdə yerləşdirilib. Hazırda informerlərin linkləri vasitəsilə F.Axundovun aşağıdakı kitablarının elektron versiyalarına müraciət etmək imkanı var: www.nofalsify.com (alimlərin Cənubi Qafqaz tarixi haqqında fikirlərindən ibarət “Saxtakarlıqları puç edənlər” kitabı); www.azleadersays.com (Azərbaycan Prezidentinin çıxışlarından mühüm sitatlardan ibarət “İlk mənbədən” kitabı); www.azterrintegrity.org (dünya ölkələrinin və beynəlxalq təşkilatların liderlərinin Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında fikirlərindən ibarət “İlk mənbədən” kitabı).