ELM VƏ TƏHSİL
Ermənistan üçün hazırkı vəziyyətdən çıxış yolu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi olardı
Bakı, 9 oktyabr, AZƏRTAC
Hərbi münaqişə və müharibə zamanı əməliyyatlarda mülki şəxslərin bilərəkdən hədəfə alınması qarşı tərəfin çarəsizliyindən xəbər verir. Bu sahədə elmi araşdırmalar onu göstərir ki, hədəfə alınan tərəfin qətiyyəti və əzmini sındırmaq üçün hesablanan bu addım əks effekt verir və qarşı tərəfin müqavimətini daha da artırır. Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdə atdığı addımlar və verdiyi bəyanatlar batan adamın suyun üzərində qalmaq üçün saman çöpündən yapışmasına bənzəyir. Lakin o anlamalıdır ki, Azərbaycan status-kvoya heç bir şəkildə qayıtmağa razı deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyeva bildirib.
“Paşinyan vəziyyəti “düzəltmək” üçün hakimiyyətə gəldiyi dövrdən bəri etdiyi hər cəfəng bəyanatı geri götürsə belə, kifayət deyil. Erməni tərəfi tarixin təkərini 27 il əvvələ -1993-cü ilə çəkməlidir. Yerevan üçün hazırkı vəziyyətdən çıxış yolu məhz həmin ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsi olardı. Bu günlərdə Ermənistanın baş nazirinin beynəlxalq icma nümayəndələrinə etdiyi zənglərin cavabsız qalması da onu sübut edir ki, dünya dövlətləri 93-cü ildəki mövqeyindən geri çəkilməyib - beynəlxalq hüquq tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin işğalı dərhal dayandırılmalıdır. İndiyə qədər tarixi saxtalaşdırmaqla münaqişədə vaxt qazanmağa çalışan Ermənistanın manipulyasiya imkanları bitdi. Onun qarşısında artıq həm daha güclü, qətiyyətli və hazırlıqlı Azərbaycan, həm də daha məlumatlı beynəlxalq icma var. Ermənistan xalqı isə öz gələcəyini düşünüb səriştəsiz bir siyasətçinin onları qurbanlıq quzuya döndərməsinə icazə verməməlidir. Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına sahib çıxan və qonşuları ilə sülh şəraitində yaşayan bir dövlətdir”, - deyə Ş.Mehrəliyeva qeyd edib.