Ermənistandan Gürcüstanın suverenliyinə hörmətsizlik
Tbilisi, 5 may, AZƏRTAC
Son günlər Gürcüstan mətbuatında bu ölkənin işğal altında olan Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlamentinin sədri” Anatoli Babilovun Ermənistan parlamentinin sədri Qalust Saakyanın dəvəti ilə Dağlıq Qarabağa səfər etməsi, Saakyanla Babilov arasında görüş keçirilməsi və bu görüşdə ikitərəfli münasibətlərin inkişafına dair aktual məsələlərin müzakirə olunması barədə məlumatlar dərc edilir.
Mətbuatın yazdığına görə, rəsmi Tbilisi Ermənistan tərəfinin bu addımını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. Faktla əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistan parlamentinin sədri Saakyana telefonla zəng edib. Bundan başqa, Ermənistanın Tbilisidəki səfiri Yuri Vardanyan Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat alınıb. Bildirilib ki, Ermənistan tərəfinin belə addımları dövlətlərarası münasibətlərə ciddi zərbə vurur.
Ermənistan tərəfi Anatoli Babilovun səfərinin qeyri-rəsmi olduğunu və şəxsi xarakter daşıdığını iddia edib.
Bununla belə, rəsmi Tbilisi bu cür iddiaları qəbul etmədiyini, Gürcüstanın işğal altında olan ərazilərində yaradılmış hər hansı bir qondarma qurumla əlaqələrin qurulmasının yolverilməz olduğunu bəyan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi