Ermənistanın Aİ missiyasının gəlişinə cidd-cəhdlə hazırlaşmağı əbəs deyilmiş - Deputat
Bakı, 22 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. İlk baxışdan bunu Ermənistanın ənənəvi təxribatından biri güman etmək olar. Lakin hesab edirəm ki, məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır.
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
“İlk növbədə, diqqəti Ermənistanın növbəti təxribatının baş verdiyi tarixə yönəltməkdə fayda var. Məsələ orasındadır ki, fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb. Bundan cəmi bir gün sonra isə erməni silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutublar. Missiyanın fəaliyyətə başlamasından bir gün sonra Ermənistanın bu təxribata əl atması, Aİ missiyasının sülhə, sabitliyə deyil, sabitsizliyə xidmət edəcəyinə dair ehtimalların təsdiqlənməsi deməkdir. Xatırladım ki, Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Göründüyü kimi bunu çox gözləmək lazım olmadı. Yəni, missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması Azərbaycan tərəfinin narahatlığının əsassız olmadığını təsdiqlədi”, - deyə Vüqar İskəndərov vurğulayıb.
Deputat deyib ki, baş verənlər Ermənistanın bu missiyanın gəlişinə cidd-cəhdlə hazırlaşmağının əbəs olmadığına işarə edir: “Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik çətiri” hesab edirlər və bundan “cəsarətləniblər”. Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Hər kəs bilməlidir ki, təxribat və təhdid davam edərsə, sərt şəkildə cavablandırılacaq”.
Deputatın sözlərinə görə, istər missiyanın gəlişi, istərsə də son hadisələr həm şimal, həm də cənub qonşularımızın ikili standartlar mövqeyindən çıxış etdiyini ortaya qoydu. “Məsələn, İran rəsmiləri başqa vaxt gecə-gündüz bar-bar bağırır, hansısa bir xarici ölkə rəsmisinin Azərbaycana səfərini az qala fəlakət, təhlükə kimi qələmə verirlər, bir sözlə, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Amma nədənsə İran düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişini hələ də sükutla qarşılayır. Məsələ burasındadır ki, Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb. Erməni ictimaiyyəti öz yerində, bəs sadə xarici diplomatı sərhədi yaxınlığında görəndə əndazəsini aşan İran rəsmiləri bu silahlı Aİ missiyasını niyə görməzdən gəlirlər? Yaxud, Rusiya Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, açıq-aydın onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür”, - deyən V.İskəndərov Rusiyanın bu susqunluğunun səbəbinin maraqlı olduğunu bildirib.