Ermənistanın dağ-mədən müəssisələrinin ətraf mühitə çox ciddi ziyan vurduğu aşkarlanıb – QHT sədri
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanın bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri olaraq Ermənistanda aparılan dağ-mədən sənayesində heç bir ekoloji normalara və standartlara riayət edilmədən yaranan ciddi fəlakətlə mübarizəni gücləndirmək üçün “Environmental Protection First” adlı koalisiyanı yaratmışıq. Ermənistanın dağ-mədən müəssisələrinin zərərli kimyəvi tullantılarının Azərbaycanla sərhəd zonasında su resurslarına və ətraf mühitə çox ciddi ziyan vurduğu aşkarlanıb. Bütün bunlar əhalinin həm işğaldan azad edilmiş ərazilərə qayıdışına, həm də təhlükəsiz yaşayışına mane olur.
Bunu AZƏRTAC-a açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.
“Bütün bu məsələlərdən çox ciddi narahatlığımızı əks etdirən və bizi maraqlandıran suallarla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət etmişdik, yaranmış problemləri onun nəzərinə çatdırmışdıq. Lakin Paşinyan tərəfindən məktubumuza heç bir reaksiya verilmədi. Ermənistanın bunların heç birinə məhəl qoymadığı üçün bu gün biz həmin koalisiyanı yaratmağın zəruri olduğuna qərar verdik. Ermənistanın dağ-mədən sənayesindəki proseslərin qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaq. Biz koalisiyanın fəaliyyəti zamanı Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da kömək göstərəcəyinə ümid edirik”, - deyə QHT sədri bildirib.
O vurğulayıb ki, koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin təftişindən başlayır. “Bizim apardığımız ilkin monitorinqlər onu göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər bu sənədləri ictimaiyyət üçün gizli saxlayırlar. Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən xarici şirkətləri ətraf mühitin qiymətləndirmə sənədlərinin tam mətnini öz rəsmi internet saytlarında yerləşdirməyə çağırırıq və bu sənədlərin ictimaiyyət üçün açıq olmasını istəyirik. Belə ki, biz özümüz bu sənədlərlə tamamilə tanış olmaq istəyirik. Ümumiyyətlə, Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduqları dövlət qurumlarının rəsmilər, o cümlədən beynəlxalq təşkilatlar ilə fəal kommunikasiyaya hazırıq və onlarla əməkdaşlıq qurmaq niyyətindəyik”, - deyə Q.Yusubova diqqətə çatdırıb.