CƏMİYYƏT
Estakadanın uçması nəticəsində itkin düşən bir neftçinin cəsədi tapılıb VİDEO
Bakı, 15 dekabr, Elvin Camalov, AZƏRTAC
N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisədə itkin düşən bir neftçinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İB-də yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, cəsədi tapılan neftçi operator vəzifəsində çalışan Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğludur. Onun cəsədi Səngəçaldan bir qədər aralı, Ələt-41 sahəsində tapılıb. Cəsəd gəminin göyərtəsinə qaldırılıb. Digər neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə Sərhəd Qoşunlarının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və özəl şirkətlərin gəmiləri - 10-dan çox gəmi, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.
B.Ağarəhimov qeyd edib ki, itkin düşənlərin sayının artması ehtimalı yoxdur - 10 nəfər itkin düşüb. Estakadanın dənizə uçan hissəsində suyun dərinliyi 10-11 metrdir. Axtarış işləri Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərində aparılır.
Onun sözlərinə görə, axtarışlara dalğıcların cəlb olunması üçün “Avior” gəmisi əraziyə yaxınlaşıb, lakin dalğıcların işə cəlb olunması üçün hazırda hava şəraitinin normallaşması gözlənilir.
“İtkin düşən neftçilərin ailələrinə xəbər göndərilib. Bunun üçün ayrıca komissiya yaradılıb. Komissiya üzvləri itkin düşənlərin ailələrinə baş çəkir”, - deyən B.Ağarəhimov bildirib ki, estakada 1978-ci ildə istismara verilib. Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında həyata keçirilib. Qəza Neft Yığım Məntəqəsində baş vermədiyi üçün neft və qaz hasilatına heç bir təsir göstərməyib.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin (NQÇİ) sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.